rover
Hörmətli tərəfdaş,

Sizi məlumatlandırmaq istəyirik ki, 1 noyabr 2024-cü il tarixindən etibarən “ADY Ekspress” MMC, “ADY Konteyner” MMC-nin ona qoşulması yolu ilə, yenidən təşkil ediləcək. Bu tarixdən sonra bütün funksiyalar “ADY Ekspress” MMC tərəfindən həyata keçiriləcək. Bu qərar beynəlxalq nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının davamlılığının dəstəklənməsi, yükdaşıma proseslərinin optimallaşdırılması, müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədi daşıyır. Müasir dünyada logistika və yükdaşıma sahəsində çeviklik və səmərəli xidmətlərə artan tələbat fonunda bu yenilik, daha güclü və innovativ şirkət yaratmaqla bazarın bütün iştirakçılarına daha əlverişli xidmətlər təqdim etmək üçün yeni imkanlar açır. Yenidən təşkil olunacaq “ADY Ekspress” MMC həm konteyner, həm də vaqonlarla daşımaları inkişaf etdirəcək, eyni zamanda multimodal daşımalardan istifadə edərək müştərilərə daha geniş və rahat xidmət çeşidi təklif edəcək. Bu, həm müştərilərin vaxtına, həm də maliyyə xərclərinə qənaət etməklə, yükdaşıma xidmətlərində daha əlverişli şərait yaradacaq. Diqqətinizə çatdırırıq ki, 1 noyabr tarixinə qədər sifarişlər əvvəlki qaydada həyata keçiriləcək. Qeyd olunan tarixdən sonra bütün sifarişlər “ADY Ekspress” MMC tərəfindən qəbul ediləcək və icra olunacaq. Sizi əmin edirik ki, “ADY Konteyner” MMC tərəfindən qəbul edilmiş bütün öhdəliklər tərəfimizdən tam şəkildə və vaxtında yerinə yetiriləcəkdir. Bizə etibar etdiyiniz və əməkdaşlığınız üçün təşəkkür edirik.